BAKI, 22 iyul.TELEQRAF

2025-ci ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 485 milyon ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində çexiyalı iş adamları ilə keçirilmiş dəyirmi masada bilidirilib. İki ölkənin biznes dairələri arasında əməkdaşlığın təşviqi haqqında müzakirələr aparılıb.

Qeyd olunub ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir.

İnvestisiya sahəsində əməkdaşlıq üçün geniş perspektivlər var. 2011-ci ildə imzalanmış "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" birgə layihələr, həmçinin kapital axını üçün möhkəm hüquqi baza yaradır. Çexiyaya məxsus 25 şirkət Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir.

Həmçinin görüşdə Çexiya ilə enerji, nəqliyyat, sənaye, ticarət və digər istiqamətlər üzrə səmərəli əməkdaşlıq potensialı diqqətə çatdırılıb. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, Ələt azad iqtisadi zonası, sənaye parkları və azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılmış imkanlar, nəqliyyat-tranzit potensialı haqqında məlumat verilib, çexiyalı iş adamları fəal əməkdaşlığa dəvət olunub.