BAKI, 22 iyul. TELEQRAF

Bu ilin yanvar–iyun aylarında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 9 milyard 526,6 milyon manat təşkil edib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu göstərici proqnozla müqayisədə 247,8 milyon manat və ya 2,7 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 728,8 milyon manat və ya 8,3 faiz çoxdur.

Hesabat dövründə neft-qaz sektoru üzrə daxilolmaların 24 faizi və ya 2 milyard 286,1 milyon manatı vergi orqanlarının xətti ilə daxil olub. Qalan 76 faizlik hissə – 7 milyard 240,5 milyon manat isə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfertlər hesabına təmin edilib.

Vergi daxilolmaları üzrə ən böyük pay 1 milyard 203,9 milyon manat və ya 52,7 faizlə “Şahdəniz” yatağı üzrə mənfəət vergisinin payına düşüb. Həmçinin 897,6 milyon manat və ya 39,2 faiz Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ödənilən vergilərlə, 184,6 milyon manat və ya 8,1 faiz isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisi ilə təmin olunub.