BAKI. 16 iyul. TELEQRAF

"Səba" Açıq Səhmdar Cəmiyyəti "Qarabağ Taxıl Agro" MMC-dəki payını satır.

Teleqraf xəbər verir ki, bu barədə ASC-nin yaydığı məlumatda qeyd olunur.

Səhmdar Cəmiyyətin 18 avqust 2025-ci ildə keçiriləcək Ümumim Yığıncağının gündəliyində digər məsələlərlə yanaşı, "Qarabağ Taxıl Agro" MMC-nin nizamnamə kapitalındakı payının satılması məsələsi də var.

Bundan əlavə iclasda direktorlar şurasının 2023-2025-ci illərdəki fəaliyyətinə dair hesabatı və qəbul edilən qərarlar müzakirə ediləcək.

Qeyd edək ki, "Səba" ASC-nin tərkibində olan "Qarabağ Taxıl Agro" MMC-nin ölkənin 5 rayonunda - Beyləqan, Ağcabədi, Ağsu, Kürdəmir, Şabran rayonlarında 12 min hektardan artıq əkin sahəsinə malikdir. Dən və yem qarğıdalı, soya, arpa, buğda, şəkər çuğunduru yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir.

"Səba" ASC 1997-ci ildə yaradılıb. 2014-cü ilə qədər müəssisənin adı "Dəvəçi Broyler" olub. Şirkətin nizamnamə kapitalı 3 milyon 575 min manat təşkil edir. Bu ilin mayından şirkətin qanuni təmsilçisi Vüqar Baloğlanovdur. Onu bildirək ki, illər ərzində şirkətin qanuni təmsilçiləri dəfələrlə dəyişib. Müəssisənin dövlətə kifayət qədər borcu var. Belə ki, "Səba" ASC-nin 447 min 48 manat vergi borcu var.

Yeri gəlmişkən, şirkət 2023-cü ili 2 milyon 345 min manat xalis zərər ilə başa vurmuşdu. Halbuki 2022-ci ildə “Səba”nın gəlirləri 91 milyon 195 min manat (əvvəlki ilə nisbətən 26% çox) təşkil edirdi.

2023-cü ildən bu tərəfə dəfələrlə mediada "Səba" ASC-nin bağlanmasına dair məlumatlar yer alıb. O vaxtdan "Səba" ASC-nin törəmə şirkətlərdəki paylarının və torpaq sahələrinin satılması gündəmdədir. Hətta ötən ilin iyul ayının 29-da bununla bağlı "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı da çağrılmışdı. İclasın gündəliyində "Səba" ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması dayanırdı. Söhbət "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin, "Biləsuvar Aqro" MMC-nin, o cümlədən "Qarabağ Taxıl" MMC-nin iştirakçısı olduğu "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılmasından gedir. "Səba" ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin "Azerbrood" MMC-yə satılması da müzakirə mövzusu idi.

Məsələnin başqa tərəfi "Səba"nın digər broyler şirkətlərindən birinə - "Siyəzən Broyler” ASC-yə satılması, ötən ilin avqustundan müəssisədə istehsalın dayandırılması yönündə iddialardır. Düzdür, "Səba"-nin rəhbərliyi iddia edir ki, ASC 100 faizlik təsisçisi olduğu yeni törəmə cəmiyyət yaradıb. Quşçuluq fəaliyyəti həmin cəmiyyətə ötürülüb. Söhbət "Chicken Pro." MMC-dən gedir. Direktorlar Şurasının ötən ilin oktyabrında keçirilən iclasında "Səba" ASC-nin kredit öhdəliyi "Chicken Pro." MMC-yə ötürülüb. Eləcə də "Chicken Pro." MMC-yə məxsus əmlak ipoteka ilə yüklü edilib. Onu da bildirək ki, "Chicken Pro." MMC 2024-cü ildə yaradılıb. 32 milyon 345 min 955 min manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Abid Əliyevdir. Qeydyiyyata alınan zaman "Chicken Pro." MMC-nin nizamnamə kapitalı 26 milyon 500 min manat olub. Yeri gəlmişkən, "Chicken Pro." MMC-nin "Səba"ya sərmayə yatıracağı gözlənilirdi.