BAKI, 11 iyul. TELEQRAF

Ötən il neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən Dövlət Neft Fonduna 778 milyon 216 min manat bonus ödənişi edilib. Müqayisə üçün bildirək ki, bu göstərici 2023-cü ilə nisbətdə 2,8 faiz azdır. 2023-cü ildə bu rəqəm 800 milyon 756 min manat olub.

Teleqraf xəbər verir ki, "Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında" sənədə əsasən, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri 3,6 milyon manat olub.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir 2023-cü illə müqayisədə təxminən 29 dəfə azalaraq 527,2 min manat təşkil edib. Xatırladaq ki, 2023-cü ildə neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir 15 323,3 min manat olub.