BAKI, 9 iyul. TELEQRAF

"Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi Qubadlıda Bərgüşadçay su anbarının tikintisinə 60 milyon 873 min 606 manat xərcləməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, qurum bununla bağlı hazırlıqlara başlayıb və tender elan edib. Tikintini icra edəcək podratçı axtarılır.

Təkliflərin son təqdimolunma tarixi avqustun 25-dir. Zərflər də həmin gün açılacaq.

Qeyd edək ki, su anbarının həcmi 67 milyon kubmetrdir, suvarma və içməli su təyinatlıdır. Qubadlı rayonu ərazisində Bərgüşadçay su anbarının və ondan ayrılan magistral 62 km uzunluğunda boru xətti (D=3000mm) layihə sənədləri əsasında tikintisi ilə Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda təqribən 12 min hektar yeni torpaq sahəsinin suvarılması və Qız qalası hidroqovşağından çıxan kanalın qidalandırılması, habelə Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Masallı ravonları su istehlakçılarının yüksək keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur.