BAKI, 8 iyul. TELEQRAF

Gənclikdə “Şəhər Bağları” yaşayış kompleksində 8 otaqlı təmirsiz iri dupleks mənzil 4 milyon manata satışa çıxarılıb.

Teleqraf xəbər verir ki, mənzil 17-ci mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir və ümumi sahəsi 784 kvadratmetrdir. Mənzilin bir kvadratmetrinə düşən dəyəri isə 5 102 manat təşkil edir.

Evin tavan hündürlüyü 3.8 metrdir. Mənzil, həmçinin çıxarışla (kupça) təmin olunub.

Onu da bildirək ki, mənzilin yerləşdiyi “Şəhər Bağları” yaşayış kompleksi “Atkins” Britaniya mühəndislik şirkəti tərəfindən layihələndirilib.

Kompleksin ərazisi 2.2 hektardır və onun yalnız 25 faizi tikili, 75 faizi isə yaşıllıq sahələri, bağlar, fəvvarələr və yay hovuzu ilə əhatə olunub. Kompleksdə sakinlər üçün tədbir və idman infrastrukturu da mövcuddur: 250 nəfərlik tədbir zalı, SPA və solaryumla təchiz edilmiş qapalı hovuz, mini kinoteatr, idman meydançaları, trenajor zalları və boulinq sahəsi kompleks daxilində fəaliyyət göstərir.

Bundan əlavə, hər mənzil üçün 2 yeraltı avtodayanacaq və qonaqlar üçün yerüstü parkinq sahəsi nəzərdə tutulub.