BAKI, 7 iyul. TELEQRAF
2024-cü il üzrə “İkinci 500 Ən Böyük Sənaye Müəssisəsi” reytinqində ilk yeri 4 milyard 186 milyon lirə ilə “İstanbul Asfalt Fabrikləri” tutub. İkinci yerdə 4 milyard 185 milyon lirə ilə “Yılmaz Redüktor”, üçüncü sırada isə 4 milyard 169 milyon lirə ilə “Boyteks Tekstil” qərarlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə İstanbul Sənaye Palatasının (İSO) hesabatında bildirilib.
Palatanın hesabatına əsasən, bu il siyahıya daxil olan şirkətlərin satış həcmi 1 milyard 820 milyon lirə ilə 4 milyard 186 milyon lirə arasında dəyişib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu aralıq 1 milyard 294 milyon – 2 milyard 958 milyon lirə arasında olmuşdu.
Qeyd edək ki, 2024-cü ildə "İSO İkinci 500" siyahısına 66 yeni şirkət daxil olub. Bununla yanaşı, ötən il "İSO 500" siyahısında yer alan 41 şirkət bu il "İkinci 500"-lüyə keçib. Son iki ildə isə ümumilikdə 393 şirkət reytinqdə yer alıb.
Ümumilikdə İSO İkinci 500"də müəssisələrin istehsala əsaslanan satışları 2023-cü ildə 988 milyard lirə ikən, 2024-cü ildə 1 trilyon 393 milyard lirəyə yüksəlib. Nominal ifadədə bu göstərici 41 faizlik artım deməkdir. Lakin illik 41,1 faiz olan Yerli İstehsalçı Qiymət İndeksi (D-ÜFE) ilə düzəliş aparıldıqda, real satışların əslində cüzi – mində 1 nisbətində azalması müşahidə olunub.
Onu da bildirək ki, bu nəticə əvvəlki illərlə müqayisədə daha zəif göstərici hesab olunur. Belə ki, istehsaldan satışların real artımı 2022-ci ildə 10,4 faiz, 2023-cü ildə isə 5,2 faiz təşkil etmişdi. 2024-cü ildə real satışların aşağı düşməsi ardıcıl üçüncü il sənaye sektorunda real daralmanı göstərir.
İstanbul Sənaye Palatasından verilən açıqlamaya görə, bu zəifləmənin səbəbləri həm daxili, həm də xarici amillərlə bağlıdır. Belə ki, ötən ilin aprel ayından etibarən Türkiyədə tətbiq edilən sərt pul siyasəti daxili tələbatı zəiflədib. Xarici bazarlarda isə ixrac tələbinin aşağı düşməsi, artan maliyyətlərin qiymətlərə tam əks etdirilə bilməməsi, türk lirəsinin real dəyər qazanması və dolların möhkəmlənməsi şirkətlərin rəqabət imkanlarını zəiflədib.
Qeyd edək ki, İstanbul Sənaye Palatası bundan əvvəl 2024-cü ilə dair “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi” (İSO 500) reytinqini may ayında açıqlamışdı.