BAKI, 25 iyun. TELEQRAF

26 iyun saat 08:00-dan 29 iyun saat 22:00-dək paytaxtın bir sıra yollarında təmir işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə təmir işləri zamanı yollar tam bağlanmayacaq, lakin nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Səbail rayonunda Badamdar şosesinin 20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsişməsinə qədər olan hissəsində yol işləri görüləcək.

Nəsimi rayonunda Şəmsi Bədəlbəyli küçəsinin Konservatoriya qarşısındakı hissəsində və Səməd Vurğun küçəsinin Türkiyə Cümhuriyyəti Səfirliyi qarşısında təmir aparılacaq.

Binəqədi rayonunda Ziya Bünyadov prospektinin Atatürk prospektindən Azadlıq prospektinə qədər olan yan yol hissəsində təmir planlaşdırılıb.

Nərimanov rayonunda Ziya Bünyadov prospektinin iki ayrı hissəsində – Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər olan yan yol və Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər olan hissələrdə işlər aparılacaq.

Nizami rayonunda Musa Əliyev və Oqtay Vəliyev küçələrində hissə-hissə təmir işləri görüləcək.

Yasamal rayonunda isə Akim Abbasov küçəsinin Həsən bəy Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər olan hissəsi təmir olunacaq.

Agentlik sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı və qeyd olunan ünvanlarda müvəqqəti məhdudiyyətləri nəzərə almağı tövsiyə edir.