BAKI, 25 iyun. TELEQRAF
Tədris ilinin başa çatması və yay mövsümünün başlanması ilə əlaqədar sərnişin axınının azalması səbəbindən “Bakı Metropoliteni” QSC qatarların hərəkət cədvəlində dəyişiklik edib.
QSC-dən Teleqraf-a verilən məlumata görə yeni qrafikinə əsasən, metropolitendə qatarların hərəkəti iş və istirahət günləri üçün iki fərqli cədvəl üzrə tənzimlənəcək.
İş günlərində “28 May–Əhmədli” sahəsində və əks istiqamətdə səhər saat 07:00-dan 10:00-a, axşam isə 17:00-dan 21:00-a qədər qatarlar 2,5 dəqiqəlik intervalla hərəkət edəcək. Günün digər saatlarında isə bu interval 3 dəqiqə olacaq.
Şənbə və bazar günləri üçün tərtib olunmuş cədvələ əsasən, “28 May–Əhmədli” sahəsində və əks istiqamətdə saat 06:00-dan 22:00-a qədər qatarlararası interval 3 dəqiqə təşkil edir.
“28 May–İçərişəhər” və “28 May–Dərnəgül” istiqamətlərində isə interval qeyd edilən müddətlərdən iki dəfə artıq müəyyən edilib.
Qeyd edək ki, bənövşəyi xətt üzrə və “Xətai–Cəfər Cabbarlı” mənzili üzrə hərəkət qrafikində heç bir dəyişiklik edilməyib.
Həmçinin qrafik dəyişikliyi “Bakmil” stansiyası və əksinə hərəkətə də tətbiq edilib və yeni qrafik “metro.gov.az” saytında yerləşdirilib.