BAKI, 23 iyun. TELEQRAF
"ACİP Assosiasiyasının çətiri altında təşkil olunan və artıq ənənə halını almış çoxsaylı tədbirlər arasında bu Konfransın məhz birinci olaraq ölkəmizdə keçirilməsi bizi son dərəcə qürurlandırır".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransının açılış günündə bildirib:
"Azərbaycan Kredit Bürosuna təşəkkürümüzü bildirirəm. Getdikcə daha da rəqəmsallaşan və ciddi inteqrasiya prosesi keçən maliyyə sektorunda kredit hesabatlığı sistemlərinin strateji rolu artıq ənənəvi skorinq formatından çox kənara çıxıb. Bu gün kredit büroları bank-maliyyə sistemi də daxil olmaqla ümumi informasiya infrastrukturunun əsas sütunlarından birini təşkil edir".
Toğrul Əliyev bildirib ki, kredit büroları, maliyyə inklüzivliyini genişləndirmək üçün əsas alətlərdən biri kimi çıxış edir:
"2000-ci illərin əvvəllərində Mərkəzi Bankda Kredit Reyestrindən başlayan kredit hesabatlığı sisteminin inkişafı bu gün Azərbaycan Kredit Bürosunun timsalında uğurla davam etdirilir. Büronun fəaliyyəti beynəlxalq reytinqlərdə, xüsusilə Dünya Bankının “B-Ready” hesabatında ölkənin biznes mühitinin qiymətləndirilməsi istiqamətində mühüm indikatorlardan biridir. Hamıya məlum olduğu kimi ölkəmiz, bu platforma çərçivəsində, “kredit məlumatlarının dərinliyi” indeksi üzrə əvvəlki dövrlərdə yüksək dəyərləndirməyə layiq görülüb".