BAKI, 9 iyun. TELEQRAF

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 2025 ci il üzrə qarabağda işlərin görülməsi ilə bağlı 23 tender imzalayıb.

Teleqraf xəbər verir ki, bu müqavilələrin ümumi dəyəri 34 milyon manat təşkil edir.

Xocalı rayonunda, Təzəbinə kəndində 152 fərdi yaşayış evinin cari təmiri işləri “PLATİN - M” MMC-yə 8 milyon 783 min 933 manat məbləğində həvalə olunub. Ballıca kəndində 47 evin təmiri üçün “BƏRPA-AS” MMC ilə 2 milyon 676 min 685 manat , 63 evin təmiri ilə bağlı isə “Şinkar Holding” MMC ilə 3 milyon 312 min 708 manat dəyərində müqavilə imzalanıb.

Ağdərə rayonunda Həsənriz kəndində 98 evin təmiri üçün “AEF Group” MMC-yə 5 milyon 347 min 341 manat ödənilin. Eləcə də Ağdərə şəhərində yerləşən üç yaşayış binasının təmiri isə “FREKANS CONSTRUCTION AND ENERGY COMPANY” MMC ilə 872 min 492 manat dəyərində müqavilə imzalanıb.

Xankəndi şəhərində isə görüləcək işlər çərçivəsində keçmiş icraiyyə komitəsi binasının A blokunun söküntüsü ilə bağlı “AZEKON CONSTRUCTION” MMC ilə imzalanan müqavilənin dəyəri 1 milyon 410 min 632 manat, beşmərtəbəli inzibati binanın təmiri üçün “Harmony Construction and Engineering Group” MMC ilə bağlanan müqavilənin dəyəri isə 529 min 340 manat təşkil edib.

Şəhərdə yerləşən beş ədəd beşmərtəbəli yaşayış binasının təmiri üçün “GRAND FORTUNE” MMC ilə 5 milyon 543 min 235 manatlıq müqavilə imzalanıb. Bundan əlavə, dəyəri 1 milyon 250 min manat qiymətləndirilən 20 km-lik daxili yolların tikintisi və yenidən qurulması layihəsinin hazırlanması işləri “PROJECT CENTER” MMC-yə həvalə olunub.

Layihələndirmə və digər xidmətlər üzrə isə Xocalı və Ağdərə rayonlarının bir sıra kəndlərində fərdi evlərin layihələndirilməsi işləri ilə bağlı “Monotech AZ” MMC ilə 481 min 369 manat , “PROMOR” MMC ilə 378 min 780 manat, “PROJEKT LTD” MMC ilə 281 min 996 manat, “Himmen Construction” MMC ilə 450 min 205 manat dəyərində müqavilə imzalanıb. Xocalı rayonunda tut tinglərinin əkilməsi və qulluq işləri ilə bağlı “AQROTARIM” MMC ilə imzalanan müqavilənin dəyəri 693 min 607 manat təşkil edib.

Digər satınalmalar və xidmətlərə gəldikdə, dövlət əmlakının mühafizəsi üçün “GESCO” ASC ilə 220 min 896 manat, nəqliyyat vasitələrinin alınması üçün “AZƏRMAŞ PARK” MMC ilə 205 min manat, dəftərxana mallarının alınması üçün “OFİS ALƏMİ” MMC ilə 62 min 823 manat dəyərində müqavilə bağlanıb. Keçirilən satınalma nəticəsində katric və toner xidmətləri üçün isə “MİLLENİUM PRİNT” MMC və “KAİNAT-PRİNT” MMC-yə 74 min 253 manat ödənilib.

Bayram tədbirləri və ictimai mərasimlərin təşkili üçün “LAGUNA GROUP” MMC ilə 650 min 156 manat , “Reklam Özünü Tənzimləmə Agentliyi” MMC ilə isə 228 min 403 manat dəyərində tender müqaviləsi bağlanıb.

Şəhər və kəndlərin təmizliyi, işıqlandırılması və yaşıllıqların salınması üçün 2 milyon 989 min 889 manat dəyərində xidmət müqaviləsi “MİNT SERVICES” MMC ilə imzalanıb. Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə texniki dəstək xidməti ilə bağlı “Sinam” MMC ilə bağlanan müqavilənin dəyəri 16 min 992 manat olub.