TBİLİSİ, 9 iyun. TELEQRAF

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu sərmayələrin həcmi 25 milyon ABŞ dolları təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin rüblük hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə investisiyaların həcmi 12,3 milyon ABŞ dolları və yaxud təqribən iki dəfə artıb. Azərbaycan sərmayələrinin Gürcüstan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalardakı payı 13,9% təşkil edib.

Hesabat dövründə Azərbaycan Gürcüstana ən çox sərmayə yönəltmiş ölkələrin ilk beşliyində V yeri tutub. Azərbaycanla yanaşı ilk beşlikdə Çexiya (43 milyon ABŞ dolları), ABŞ (39,6 milyon ABŞ dolları), Türkiyə (28,1 milyon ABŞ dolları), Vircin adaları, Britaniya (25,4 milyon ABŞ dolları) yer alıb.

Yanvar-martda qonşu ölkədə birbaşa xarici investisiyaların ümumi həcmi 179,4 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 7,7% azdır.

Ən çox sərmayə yatırılmış sektorların ilk onluğu energetika, informasiya və kommunikasiyalar, istehsal, tikinti, nəqliyyat, incəsənət, əyləncə və istirahət, hotel və restoranlar, peşəkar, elmi və texniki fəaliyyət, daşınmaz əmlak və təhsil sahələrindən ibarət olub.