BAKI, 4 iyun. TELEQRAF

Avropa ölkələrinin əksəriyyətində 2024-cü ildə vergi ödənişlərindən sonra əhalinin sərəncamında qalan vəsaitlərdə artım qeydə alınsa da, bəzilərində azalma baş verib. Bunun səbəbi orta vergi dərəcələrinin artım tempinin real əməkhaqqı artımını üstələməsi olub.

Teleqraf xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Taxing Wages 2025” (Əməkhaqqının Vergiyə Cəlb Edilməsi 2025) adlı hesabatına daxil edilmiş 27 Avropa ölkəsindən yeddisində - İtaliya, Estoniya, Çexiya, Fransa, Yunanıstan, Belçika və İspaniyada uşağı olmayan orta statistik tək işçinin vergi ödənişlərindən sonra sərəncamında qalan vəsaitlər 2023-cü illə müqayisədə azalıb.

Bəs bu ölkələrdə insanlar niyə daha az gəlirlə kifayətlənməli olublar?

İtaliyada 2024-cü ildə orta əməkhaqqı 3.9% artıb. İnflyasiya 1.2%, real əməkhaqqı artımı 2.7% olub. Lakin işçilərin şəxsi gəlir vergisi və sosial sığorta ödənişləri kəskin şəkildə – 7.5% artıb. Real əməkhaqqı artımı ilə şəxsi vergi yükü arasındakı ciddi fərq insanların sərəncamənda daha az vəsaitlərin qalmasına gətirib çıxarıb.

Estoniya və Çexiyada da vergi dərəcələri 4.5%-dən çox artıb, real əməkhaqqı artımı bu artımla ayaqlaşmadığı üçün 2024-cü ildə vergi ödənişlərindən sonra sərəncamda qalan gəlirlər azalıb.

Estoniyada vergi yükünün artmasına bəzi vergi güzəştlərin ləğvi səbəb olub. Çexiyada isə bu artım əsasən ya işçilərdən, ya da işəgötürənlərdən alınan sosial sığorta ödənişlərinin artması ilə əlaqədardır.

Fransada real əməkhaqqı 0.7% artsa da, orta vergi dərəcəsi 1.7% yüksəlib. Bu səbəbdən 2024-cü ildə Fransada da 2023-cü illə müqayisədə vergi ödənişlərindən sonra sərəncamda qalan vəsaitlər azalıb.

Portuqaliya, Böyük Britaniya və Türkiyə real vergi sonrası gəlirlərin ən çox artdığı ölkələr olub

Bu dövrdə Portuqaliya, Böyük Britaniya və Türkiyədə vergilər ödəndikdən sonra sərəncamda qalan vəsaitlərdə yüksək artım qeydə alınıb. Portuqaliyada orta vergi dərəcəsi 8% azalıb, real əməkhaqqı isə 4.7% artıb.

Portuqaliya gəlir vergisinin ilk altı dərəcəsi üzrə vergi faizlərini aşağı salıb və bununla da orta gəlirli işçilər üçün ümumi vergi yükünü azaldıb.

Böyük Britaniyada isə real əməkhaqqı artımının cəmi 1.6% olmasına baxmayaraq, orta vergi dərəcəsi 8.7% azalıb.

Türkiyədə vətəndaşların ödədiyi vergi faizləri 3.9% artsa da, real əməkhaqqının 15.5% yüksəlməsi mənfi nəticəyə gətirib çıxarmayıb.

Belə ki, 2024-cü ildə vergi ödənişlərindən sonra vətəndaşların sərəncamında qalan vəsaitlər 2023-cü illə müqayisədə xeyli artıb. Bununla belə, bəzi tənqidçilər ölkənin rəsmi statistika qurumunu inflyasiya göstəricilərini manipulyasiya etməkdə ittiham edirlər.

Ekspertlərə görə, 2023 və 2024-cü illər arasında vergi ödənişlərindən sonra sərəncamda qalan vəsaitlərin azalması, orta əməkhaqqı alan işçinin alıcılıq qabiliyyətini itirməsinə səbəb olub.