BAKI, 29 may. TELEQRAF
Bu ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektləri arasında ən yüksək ixrac göstəricisi Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə aid olub. Belə ki, şirkət 140,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə 121,8 milyon ABŞ dolları təşkil edib.
Əlavə olaraq, dövr ərzində “SOCAR Polymer” MMC-nin ixracı 82,5 milyon ABŞ dolları təşkil edib.“Azəralüminium” MMC isə 49,6 milyon dollar dəyərində məhsul ixracı reallaşdırıb.
“AzerGold" QSC 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ixracını 45,5 milyon dollar artıraraq 68,4 milyon dollara çatdırıb.
“Azərbaycan Hava Yolları” QSC da ixracını 2 dəfədən çox artırıb. Şirkət dövr ərzində 5,8 milyon dollarlıq ixrac reallaşdırıb.
Bundan əlavə, “Avrora" MMC-nin və “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin də ixrac potensialı olduqca yüksəlib. Belə ki, “Avrora" MMC-nin ixrac gəlirləri 15 dəfə, “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi isə 4 dəfəyə yaxın artım göstərərək, müvafiq olaraq, 13,9 milyon və 28 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ildən ixracata başlayan Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi 2025-ci ilin yanvar-aprel aylarında 26,9 milyon dollar, Qaradağ Şüşə Zavodu isə 59,8 min dollar dəyərində ixrac həyata keçirib.