BAKI, 19 may. TELEQRAF
Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilin əvvəlindən bu yana 1 milyon 966 min 874 manat dəyərində 9 tender elan edib.
Teleqraf xəbər verir ki, agentliyin tabeli qurumları - "Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsi" və "Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti" nəqliyyat vasitələri üçün ehtiyyat hissələrin alınması, elektrik mallarının, kompüter, printer, planşet və proyektorun satınalınması və digər məqsədlərlə müxtəlif tenderlər elan ediblər.
Belə ki, fevral ayında ADSEA nəzdində "Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti" kartriclərinin dolumu üçün 28.131,20 AZN-lik tender, "Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi isə mart ayında sarğı naqilərinin satınalınması və ehtiyyat hissələrin (Qovuş dişlərinin) satınalınması üzrə toplam 369 min 400 manatlıq 2 tender elan edib. Həmçinin, "Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi aprel ayında elektrik malları satınalınması və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrin alınması və dəyişdirilməsinin satınalınması üzrə əlavə olaraq 371 min 406 manatlıq 2 tender elan edib.
Bundan başqa, may ayında hər iki qurum multizonal kondisioner sisteminə texniki qulluq göstərilməsi və kompressorun dəyişdirilməsi xidmətlərinin satın alınması, kompüter, printer, planşet və proyektorun satınalınmas, maşın-mexanizm və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması və bir sıra əsas vəsaitlərin satınalınmas üzrə müvafiq olaraq 20.128,44 AZN, 660.662,06 AZN, 144.616 AZN və 372.429 AZN-lik tenderlər elan edib.