BAKI, 16 may. TELEQRAF
May ayında Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən maye təbii qazın (LNG) idxalı rekord templərlə davam edir və artıq 6 milyard kubmetri ötüb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.
Eyni zamanda Avropada yeraltı qaz anbarlarına qazın vurulması son üç ilin maksimum səviyyəsindədir və hazırkı dinamika qorunarsa, Aİ anbarlarını oktyabrın ortalarına qədər 90%-lik tələb olunan səviyyəyə çatdıra bilər.
GIE-nin məlumatına görə, 14 may tarixində Aİ ölkələrinin anbarlarına vurulan qazın həcmi 329 milyon kubmetr olub. Qazın çıxarılması həcmi 27 milyon kubmetrə qədər artıb. May ayında çıxarılma ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% az, vurulma isə 18% çox olub. Ötən istilik mövsümündə qaz ehtiyatlarının yüksək templərlə tükənməsi fonunda anbarlarda olan ümumi qaz ehtiyatı müşahidə tarixində may ayının əvvəlində qeydə alınmış altıncı ən yüksək göstərici olub – 47,8 milyard kubmetr qaz (ötən illə müqayisədə -34%).
Qeyd edək ki, hazırda Avropa yeraltı qaz anbarlarının doluluq səviyyəsi 43,67%-dir (son beş ilin bu tarixinə olan orta göstəricidən 10,29 faiz bəndi azdır), halbuki bir il əvvəl bu göstərici 65,8% təşkil edirdi. Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər ilin 1 noyabr tarixinə qədər anbarlarını 90% doldurmalıdır. Bu tələb isə əlavə olaraq Avropa qaz bazarında qiymətlərin artımına təzyiq göstərir. Hesablamalara görə, Avropanın qarşıdakı yeraltı qaz anbarlarını doldurma mövsümündə təmin etməli olduğu xalis qaz vurulması həcmi ən azı 61 milyard kubmetr təşkil etməlidir ki, tələb olunan norma yerinə yetirilsin. Bu isə ötən ilki xalis vurulma həcmini təxminən 50% üstələyir və tarixdə ən yüksək göstəricilərdən biridir.