BAKI, 13 may. TELEQRAF
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-aprel aylarında 21,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 3,4% azalıb, qeyri neft-qaz sektorunda isə 5,3% artıb.
Bu barədə Teleqraf-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sənaye məhsulunun 62,3%-i mədənçıxarma sektorunda, 30,6%-i emal sektorunda, 6,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 1,4% artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 90,3%, əczaçılıq məhsullarının istehsalı 54,4%, maşın və avadanlıqların istehsalı 26,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 18,7%, qida məhsullarının istehsalı 12,5%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, kompüter, elektron və optik məhsulların istehsalı 6,3%, içkilərin istehsalı 4,0%, tütün məmulatlarının istehsalı 3,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,3% artıb, mebel istehsalı 3,6%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,9%, elektrik avadanlıqlarının istehsalı 5,4%, neft məhsullarının istehsalı 9,9%, hazır metal məmulatlarının istehsalı 12,7%, tikinti materiallarının istehsalı 12,9%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2%, kağız və karton istehsalı 26,6%, geyim istehsalı 42,8%, poliqrafiya məhsullarının istehsalı isə 48,2% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7% artıb.