BAKI, 8 may. TELEQRAF
Mayın 9-10-11-də “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən keçirilən yarmarkada 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçirilən yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Qeyd edək ki, satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.