BAKI, 7 may. TELEQRAF
Son günlər intensivləşən yağıntıların məhsuldarlığa təsirləri fərqli olub. Bəzi ərazilərdə vegetasiya prosesi sürətlənib, bəzilərində isə məhsuldarlığa ciddi ziyan dəyib. Xaçmaz, Quba, Şamaxı, Qusar, Balakəndə meyvə istehsalçıları çıxılmaz vəziyyətdə qalıblar. Aqrar Sığorta Fonduna edilən müraciətlərdə sığorta hadisələrinin məbləği ziyanın miqyasının böyük olduğunu demeyə əsasə verir. Konkret olaraq apreldə leysan xarakterli yağışdan sonra 13 milyon manatlıq sığorta hadisəsi ilə bağlı müraciət daxil olub.
Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Teleqraf-a açıqlamasında bildirib ki, xüsusilə Quba-Qusar rayonlarında güclü yağışlar və külək taxıl sahələrini yatırıb. Bu isə biçin zamanı çətinliklər yaradır və müasir kombayn texnikasından istifadə edilmədiyi zaman məhsulun yığımı çətinləşir:
"Aprelin 20-dən intensiv yağıntılar müşahidə olunur. Bu, xüsusilə örüş və təbii biçənək ərazilərində otların inkişafına müsbət təsir etsə də, eyni zamanda yağıntılı havalarda mal-qaranı otlağa çıxarmaqda çətinliklər yaradır. Yem bitkilərinin biçilib qurudulması prosesi ləngiyir. Yağışın davamlı yağması biçilmiş otların qurumasına imkan vermir".
Ekspertə görə, yağıntılar faydalı olub, lakin bəzi sahələrdə fermerlərin vaxtında tədbir görmədiklərindən zərərlə üzləşiblər:
"Belə hallarda, çox güman ki, vaxtında aqrotexniki qaydalara əməl edilməyib və küləyə davamlı olan sortlar yetişdirilməyib. Onların yerinə, külək əsnasında asanlıqla yatan bitki sortlarından istifadə edilib. Bu baxımdan, fermer və kənd təsərrüfatı ilə məşğul olan şəxslər hava şəraitinin son dövrlərdə qlobal iqlim dəyişiklikləri fonunda daha qeyri-sabit olduğunu nəzərə almalı və təsərrüfatlarını buna uyğun şəkildə təşkil etməlidirlər.
Stress amillərə dözümlü olan bitki sortlarından istifadə etməlidirlər ki, havaların kəskin dəyişməsi bir o qədər təsir etməsin. Eyni zamanda, bitkilərin sağlam və normal inkişafı üçün torpağın tərkibində təxminən 20-yə yaxın əsas mineral element mövcud olmalı və bu elementlərlə torpaq vaxtında təmin edilməlidir."
Regionlarda məhsul yığımı vəziyyəti
Vahid Məhərrəmov söyləyib ki, hazırda məhsul yığımı ilə bağlı regionlarda vəziyyət fərqlidir:
"Regionlarda vəziyyət fərqlidir. Hazırda faraş kartofları torpaqdan çıxarılır. Örtülü təsərrüfatlarda yetişdirilən çiyələk və soğan artıq çıxıb. Bundan sonra, bəzi meyvələr – ərik və gilas da çıxacaq. Lakin bu, regiondan və havanın şəraitindən asılıdır. Havalar isti keçərsə, yetişmə prosesi sürətlənəcək. Əgər hava soyuyarsa, məhsulun yığılması və bazara çıxarılması vaxtını proqnozlaşdırmaq çətin olacaq".
Fermerlər bildirirlər ki, artıq meyvələrin əksəriyyəti tozlanma, mayalanma fazasın keçib. Tək-tük ağaclar var ki, onlarda çiçəklənmə prosesi ləngiyir. Həmin meyvələrə yağış və qeyri-sabit hava şəraiti təsir göstərir. Yəni yağıntılar davam edərsə, çiçəklərin mayalanma prosesi pozula və həmin ağaclarda məhsuldarlıq aşağı düşə bilər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı Şöbəsinin müdiri Vüqar Hüseynov isə qeyd edib ki, hazırda ölkədə məhsul yığımının kütləvi dövrü başlamayıb. Taxıl biçini iyunun ilk ongünlüyündə start götürəcək:
"Barama mövsümü isə artıq başlayıb və 40 gündən sonra məhsul yığımı gözlənilir. Pambıq yığımı isə sentyabrın sonu, oktyabrın əvvəlində başlayacaq".