BAKI, 30 aprel. TELEQRAF
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə paytaxtda fəaliyyət göstərən 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edir.
Qurumdan Teleqraf-a verilən məlumata görə, 91, 105, 147, 158 və 216 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar mayın 1-dən yeni avtobuslarla xətlərin istismarını həyata keçirəcəklər.
Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində avtobusları yenilənən marşrutların istiqamətləri aşağıdakılardır:
91 nömrəli marşrut: Binəqədi qəsəbəsi (“Bakı Poladtökmə” ASC) – Bakı Beynəlxalq Avtovağzal Kompleksi);
105 nömrəli marşrut: Balaxanı qəsəbəsi – C.Naxçıvanski küçəsi (“8-ci kilometr” bazarı);
147 nömrəli marşrut: Məmmədli qəsəbəsi – "Azadlıq prospekti" metrostansiyası;
158 nömrəli marşrut: Xocəsən qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası;
216 nömrəli marşrut: Balaxanı qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi.
Qeyd edək ki, sözügedən marşrutlar üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.