BAKI, 22 aprel. TELEQRAF

"Bloomberg Economics" tədqiqat mərkəzi bu il üçün dünya üzrə ümumi daxili məhsul (ÜDM) artımı ilə bağlı proqnozunu əvvəlki 3,1 faizdən 2,7 faizə endirib.

Teleqraf xəbər verir ki, bu göstərici 2024-cü ildə 3,2 faiz, pandemiyadan əvvəl isə 3,4 faiz səviyyəsində idi.

Bundan əlavə, gömrük tariflərinin və ticarət gərginliklərinin, həmçinin, ABŞ-nin aprelin əvvəlində tətbiq etdiyi yeni tariflərin təsiri ilə qlobal iqtisadi artım proqnozları azalmağa doğru gedir. "Bloomberg" bu tarifləri “böyük vergi artımı” kimi qiymətləndirərək, ölkənin bu il üçün iqtisadi artım gözləntisini də 2,1 faizdən 1,3 faizə endirib. Həmçinin, 100 faizdən çox tariflərlə qarşılaşan Çin üçün də proqnoz 4,5 faizdən 4,2 faizə salınıb.

"Bloomberg"in hesablamalarına əsasən, mövcud tarif siyasətləri nəticəsində qlobal iqtisadiyyat 2027-ci ilin sonunadək təxminən 2 trilyon dollar itirə bilər. Bununla yanaşı, hesablamalara görə, ticarət müharibəsinin davam etməsi və ölkələrin tarif siyasətləri ilə bağlı qeyri-müəyyənliklərin proqnozlarda səhv marjasını artırdığı bildirilir.

Hesabatda həmçinin qeyd olunub ki, əgər ölkələr arasında ticarət münasibətləri müsbət yöndə inkişaf etsə və tariflər yumşaldılsa, iqtisadi artım proqnozları da müvafiq olaraq yaxşılaşa bilər. Əks halda, daha kəskin mənfi ssenarilər gündəmə gələ bilər.

"Bloomberg" 2026-cı il üçün də qlobal iqtisadi artımın daha da zəifləyəcəyini və 2,8 faiz səviyyəsində olacağını proqnozlaşdırır.