BAKI, 22 aprel. TELEQRAF
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ, Çin və əksər ölkələr üzrə iqtisadi artım proqnozlarını kəskin şəkildə azaldıb.
Teleqraf xəbər verir ki, Fondun hesabatında buna səbəb kimi hazırda son 100 ilin ən yüksək səviyyəsinə çatan ABŞ tariflərinin təsiri göstərilib və bildirilib ki, ticarət gərginliklərinin dərinləşməsi iqtisadi artımı daha da ləngidəcək.
Qurum 2025-ci il üçün qlobal iqtisadi artım proqnozunu 0,5 faiz bəndi azaldaraq 2,8%-ə, 2026-cı il üçün isə yanvar ayında verilmiş 3,3%-lik proqnozu 0,3 faiz bəndi azaldaraq 3%-ə endirib.
Fond bildirib ki, tariflərin təsiri nəzərə alınaraq inflyasiyanın yanvarda gözlənildiyindən daha yavaş azalacağı proqnozlaşdırılır. Belə ki, inflyasiyanın 2025-ci ildə 4,3%-ə, 2026-cı ildə isə 3,6%-ə düşəcəyi gözlənilir. ABŞ və digər inkişaf etmiş ölkələr üçün proqnozlarda nəzəçarpan artımlar edilib.
BVF bu hesabatı aprelin 4-dək baş verən hadisələrə əsaslanan "istinad proqnozu" adlandırıb və hazırkı vəziyyətin son dərəcə mürəkkəb və dəyişkən olduğunu vurğulayıb.
Sənəddə bildirilib ki, ticarət gərginliklərinin sürətlə artması və gələcək siyasətlərə dair son dərəcə yüksək səviyyədə qeyri-müəyyənlik qlobal iqtisadi fəaliyyətə ciddi təsir göstərəcək.
Bununla belə, orta müddətli iqtisadi artım perspektivləri zəif olaraq qalır. Belə ki, beşillik proqnoz 3,2% səviyyəsində qalmaqda davam edir və bu da 2000–2019-cu illər üzrə 3,7%-lik tarixi ortalamadan aşağıdır. Əhəmiyyətli struktur islahatlar baş vermədikcə, bu sahədə irəliləyiş gözlənilmir.
Fond qlobal ticarət artımı üzrə proqnozunu da 1,5 faiz bəndi azaldaraq 1,7%-ə endirib ki, bu da 2024-cü ildə qeydə alınan artımın yarısı qədərdir. Bu azalmanın səbəbi kimi qlobal iqtisadi parçalanmanın sürətlənməsi göstərilir.
BVF-nin sənədində bildirilib ki, ticarət davam edəcək, lakin bu, daha baha başa gələcək və daha az səmərəli olacaq. Sərmayənin hara yönəldilməsi, məhsulların haradan əldə olunması və komponentlərin haradan alınması ilə bağlı qeyri-müəyyənlik və çaşqınlıq hökm sürür.