BAKI, 22 aprel. TELEQRAF

Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Ankara şəhərində keçirilən IV Kənd Təsərrüfatı və Meşə Şurası çərçivəsində təşkil olunmuş “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə səfər çərçivəsində Azərbaycan və Türkiyənin kənd təsərrüfatı nazirləri arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Məcnun Məmmədov, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini, Türkiyənin aqrar sahədə təcrübəsindən fəal istifadə olunduğunu və uğurlu layihələrin icra edildiyini bildirib.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı çıxışında ərzaq təhlükəsizliyinin təmin olunmasının prioritet olduğunu, kənd təsərrüfatında kiçik biznesin dəstəklənməsi, iqlimə davamlı texnologiyaların tətbiqi və sudan səmərəli istifadənin vacibliyini vurğulayıb.

Həmçinin görüşdə balıqçılıq sahəsində əməkdaşlıq, iqlim dəyişikliyinin təsirinin azaldılması və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

Eyni zamanda Məcnun Məmmədov Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşərək Qarabağda, həmçinin Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların ixracı, eləcə də hər iki ölkədə keçirilən kənd təsərrüfatı sərgiləri sahəsində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparıb.