BAKI, 20 fevral. TELEQRAF
Bu ilin apreli dəbdəbə sənayesi üçün kritik anlarla yadda qalıb.
Teleqraf xəbər verir ki, ilk dəfə "Hermes"in səhmlərinin bazar dəyəri yüksələrək "LVMH"ni ötüb.
Beləliklə, "Hermes" dünyanın ən dəyərli lüks qrupuna çevrilib.
"Christian Dior", "Louis Vuitton", "Givenchy", "Guerlain", "Moët & Chandon", "Hennessy", "Chaumet" brendlərinin daxil olduğu "LVMH" illərdir lüks sinifdə ən bahalı şirkət hesab olunurdu.
İlin birinci rübündə gəlirlərinin 2% kiçilərək 20,31 milyard avroya düşməsi, xüsusilə, əsas geyim və dəri məmulatlarının satışının yanvar-mart aylarında 5% azalması yönündə maliyyə göstəricilərinin açıqlanmasının ardınca, fransız lüks nəhənginin səhmləri 7,8% ucuzlaşıb. "FactSet"in məlumatlarına görə, aprelin 15-dəki ticarət sessiyasını şirkət 246 milyard avro bazar kapitallaşması ilə başa vurub.

Bunun fonunda "Hermes"in Parisdəki səhmləri 0,2% artaraq şirkətə 247 milyard avro bazar dəyəri qazandırıb.
Analitiklər "LVMH"nin 2025-ci il üçün artım proqnozunu 3%-dən sıfıra endirərək, cari performansı “bütün lüks sektor üçün çətin ilin əlaməti” kimi dəyərləndiriblər.
Qeyd edək ki, hər iki qrupun 2024-cü il üzrə maliyyə hesabatları fərqli gedişatı ortaya qoyurdu. Belə ki, "Hermès"in gəlirləri "LVMH"dən çox geridə idi. Lakin super yüksək mənfəət marjası, marka mükafatı qabiliyyəti ilə gəlirliliyi, eləcə də investorların etibarı baxımından "LVMH"ni üstələyir. 2024-cü ildə "Hermes"in gəlirləri illik 16% artıb. Xalis mənfəəti 4,6 milyard avroya çatıb. Ümumi mənfəət marjası 72%-dən çox olub ki, bu da bazar gözləntilərindən yüksək rəqəmdir. "LVMH"nin bir çox kateqoriyaları lider mövqeyini qoruyub saxlasalar da, bəzi biznes seqmentləri (şərab və moda aksesuarları kimi) zəif istehlak səbəbindən yavaşlayıb.
Digər tərəfdən hər iki şirkətin bazar strategiyasına nəzər yetirdikdə fərqli nüanslar ortaya çıxır. "LVMH" diqqətini dəbdəbə bazarının aşağı hissəsinə yönəldib. "Hermes" isə daha zəngin müştəri bazasına xidmət edir. Bu da sənayenin tənəzzülünə daha yaxşı tab gətirməyə kömək edir. Yəni, "LVMH" daha çox “əlverişli lüks” seqmentindən asılıdır. "Hermès" isə super zəngin müştərilərə yönəlib və bu baxımdan sənaye böhranlarına daha yaxşı dözə bilir.

"Birkin" və "Kelly" çantalarını 10.000 dollardan baha satan "Hermès" daim məhdud istehsal reallaşdırır və hər il cəmi 6-7 faiz artıma gedir. Bu strategiya şirkətə COVİD sonrası böhrandan da sağ çıxmağa kömək etdi.
"Barclays" analitiki Carol Maggio hesad edir ki, "Hermes" markası unikal cəlbediciliyinə görə qiymət çevikliyinə malikdir. Bununla belə o, "Hermes"in rəqibləri kimi qiymətləri qaldırmağa məcbur olmayacağını açıqlayıb.
Qeyd edək ki, ABŞ-Çin ticarət müharibəsi 2025-ci ildə dəbdəbəli mallar bazarının bərpası ilə bağlı proqnozları alt-üst edib. Yeni tariflər və qlobal tənəzzül gözləntiləri dəbdəbəli çanta və saatlara tələbatın azalmasına səbəb olub. Artıq sektorun sənaye gəlirlərində gözlənilən 5% artım əvəzinə 2% azalma proqnozlaşdırılır.
