BAKI, 19 aprel. TELEQRAF

Son zamanlarda Azərbaycanda kartofun qiymətində əhəmiyyətli artım olub. Hazırda mağazalarda kartofun bir kiloqramı 1.79-1.90 manat arasında satılır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 26,1 min hektar sahədə kartof əkilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% faiz azdır.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkəyə 13579,7 min dollar dəyərində 41081,4 ton kartof idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunan kartofun miqdarı demək olar ki, eyni səviyyədə qalsa da, (sadəcə 0,2% artım) pul dəyəri 20,1% artıb.

Bu il ölkədən kartofun ixracında da 71,5% azalma olub.

Beləliklə, ölkədə idxal və istehsalın azalması kartofun qiymətini bahalaşdırıb. Bəs son günlərdə baş verən yağıntılardan sonra əhalinin ən çox istehlak etdiyi əsas tələbat məhsullarından biri olan kartofun qiymətinin azalma ehtimalı varmı?

Məsələ ilə bağlı Teleqraf-a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, erkən yetişdirilən faraş kartofun bir müddətdən sonra ucuzlaşmaq ehtimalı var:

“Hazırda qiymət azalmayacaq. Lakin mayın ortalarında erkən yetişdirilən faraş kartofun yığımı başlayacaq. Beləliklə ölkədə təklif artacaq. Təklifin artması ilə qiymət azalacaq. Ola bilsin ki, 2-3 həftədən sonra, yəni təxminən mayın 10-dan sonra biz yerli bazarda kartofun qiymətinin azaldığını müşahidə edəcəyik”.