BAKI, 18 aprel. TELEQRAF
Azərbaycanda pomidorun qiymətində nəzərəçarpacaq artım var.
Teleqraf xəbər verir ki, marketlərdə pomidorun bir kiloqramı 5,79–6,65 manat arasında dəyişir. Bu da bir il əvvəllə müqayisədə 2 manat yüksəkdir.
Qeyd edək ki, Azərbaycan regionda əsas pomidor istehsalçısıdır. Bu ilin iki ayında təsərrüfatlarda 47,7 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 16,2 faiz çox tərəvəz məhsulları istehsal edilib. Azərbaycanda pomidor əsasən Quba-Xaçmaz , Lənkəran-Astara, Mil-Muğan, Mərkəzi Aran və Şirvan-Salyan iqtisadi rayonlarında yerləşən istixanalarda yetişdirilir.

Ekspertlər bildirir ki, son illər pomidor yetişdirilən istixanaların sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3037 istixana fəaliyyət göstərib, burada 224,9 min ton pomidor və digər tərəvəz məhsulları yetişdirilib. Bununla belə, il ərzində onların sayı 2023-cü ildəki 3228-dən 191 ədəd azalıb. Bu azalmanın səbəbləri arasında xərclərin və xarici bazarlarda rəqabətin artması göstərilir. Belə ki, pomidor daxillə yanaşı, xarici bazara çıxarılır. Xüsusən də Rusiya bazarına. 2025-ci ilin əvvəlindən Azərbaycan Rusiyaya 28,7 min ton pomidor ixrac edib. Rusiyanın pomidor tədarükündə Azərbaycanın payı 23 faiz təşkil edib.
O da qeyd edilir ki, Azərbaycan pomidoru Rusiya bazarında əvvəlki qiymətini qoruyub saxlaya bilməyib. Belə ki, bazarı ələ keçirən ucuz türkmən pomidorları ilə rəqabətə tab gətirmək üçün azərbaycanlı tədarükçülər məhsulun dəyərini 11% aşağı salmağa məcbur olublar. Bunu son ixrac statistikası da təsdiqləyir. Daxili bazarda satılan pomidorun qiymətində artım olsa da, xaricə satılan pomidorun qiyməti azalıb. Bu ilin yanvar-mart aylarında 44 milyon 570 min dollar dəyərində 36 101 ton pomidor ixrac edilib. Ötən ili müvafiq dövründə isə 45 milyon 41 min dollar dəyərində 32 149 ton pomidor ixrac olunmuşdu.
Beləliklə, Rusiya bazarında qiymət baryeri ilə üzləşən fermerlər daxildə qiymətləri qaldırıblar.
Məsələ ilə bağlı Teleqraf-a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, pomidorun qiymətinin bahalaşması istixanalarla bağlı inhisarçılıqdan qaynaqlanır.
“Son üç ildə yerli bazarda pomidorun qiymətini inhisarçılıq fəaliyyəti ilə məşğul olan şəxslər diktə edirlər. Əvvəllər məsələn, Şəmkir, Göyçay rayonlarında pomidor əkini ilə müstəqil məşğul olan fermerlər var idi, onlar istehsal etdiyi məhsulu bazara çıxara bilməsələr də, şəhərin müəyyən yerlərində sata bilirdilər. Lakin indi onlar fəaliyyət göstərmir. Bakıdakı qiymətlə müqayisədə Rusiyada pomidorun qiyməti iki dəfə ucuzdur”.

Mütəxəssis qeyd etdi ki, Rusiya ilə birlikdə digər ölkələrdə də pomidorun qiyməti nisbətən azdır. O, Azərbaycandan ixrac olunan pomidorun qiymətinin azalmasına da toxunub:
“Bu xaricdə qiymətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsi ilə bağlıdır. Bu ölkələrdə təklif artırsa, qiymət azalır. İndi də təklifin mütləq artdığı mövsümdəyik. İstixanalarda sahibkarlar məhsulu qış üçün yox, erkən yaz üçün hazırlayır. Bazarda rəqabətin az olduğuna görə qiymətlər də mövcud olan sahibkarlar tərəfindən diktə edilir”.
Vahid Məhərrəmov pomidorun qiymətinin mayın sonlarında ucuzlaşacağını ehtimal edir:
“Qiymətlər hazırkı vəziyyətindən daha baha ola bilməz. Əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır və getdikcə də azalır. Bu, digər məhsulların, xiyar, kartof, soğan, kələmin də qiymətlərində artım olmasından qaynaqlanır. Əhali əvvəlkindən daha az məhsul alır”.
