BAKI, 15 aprel. TELEQRAF

2024-cü ildə bir bank istisna olmaqla bütün banklar mənfəətlə fəaliyyət göstərib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilib.

Belə ki, 2024-ci ildə mənfəətlə işləyən 21 bankın mənfəəti 1045 mln. manat, zərərlə işləyən 1 bankın zərəri isə 1 mln. manat olub.

Sənədə əsasən, sektorun mənfəətliliyinin azalmasının əsas səbəbi artan faiz və qeyri-faiz xərcləri olub. 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ildə bankların faiz və qeyri-faiz gəlirləri müvafiq olaraq 14% və 25% artıb.

Faiz və qeyr-faiz xərcləri isə müvafiq olaraq 45% və 19% yüksəlib. Son dövrlərdə banklar tərəfindən depozitlər üzrə faiz dərəcələrinin bir qədər artırılması, habelə, əməliyyat xərclərinin artması fonunda bank sektorunun faiz və qeyri-faiz xərcləri artıb.

Bankların ötən il üzrə maliyyə hesabatlarına əsasən, “Bank BTB” ASC-nin xalis zərəri 839 min manat olub. 2023-cü ildə bankın xalis zərəri 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat təşkil edib.

Qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.