BAKI, 11 aprel. TELEQRAF
Bakıda Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib.
Teleqraf xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərində Moldova və digər tərəfdaş ölkələrin təcrübəsindən istifadə edilməsinin mümkünlüyünü qeyd edib. O, həmçinin moldovalı investorları Azərbaycanın əlverişli biznes mühitindən və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturundan faydalanmağa çağırıb.
Moldova tərəfindən komissiyanın həmsədri, ölkənin Baş nazirinin müavini və infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ölkəsinin Azərbaycanla hərtərəfli tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək niyyətində olduğunu bildirib. O, xüsusilə kənd təsərrüfatı sahəsində texnologiya transferi, birgə tədqiqatlar və məhsul ixracı sahələrində əməkdaşlıq imkanlarına diqqət çəkib.
Müzakirələrin sonunda tərəflər arasında Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və bərpa olunan enerji sahəsində əməkdaşlığın təşviqinə dair Memorandum imzalanıb.
İclasın yekununda iqtisadi, enerji, kənd təsərrüfatı, texnologiya, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan protokol imzalanıb. Həmçinin iki ölkə arasında hüquqi-normativ bazanın təkmilləşdirilməsi və komissiyanın 7-ci iclasının gələn il Kişineuda keçirilməsi barədə razılıq əldə olunub.
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
