BAKI, 9 aprel. TELEQRAF
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Teleqraf-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan–Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri olan nazir Məcnun Məmmədov iki ölkə arasındakı əməkdaşlığın dinamik inkişaf etdiyini və Moldova ilə Azərbaycan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.
Nazir, qlobal iqlim dəyişikliyinin aqrar ərzaq təhlükəsizliyinə yaratdığı risklərə diqqət çəkərək, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) əhəmiyyətinə toxunub. O, Azərbaycan tərəfindən bu beynəlxalq tədbirin uğurla təşkil edildiyini qeyd edib və Moldovanın COP29-da yüksək səviyyədə təmsil olunmasını təqdir edib.
.jpg)
Məcnun Məmmədov işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini, bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını xatırladıb. O, Azərbaycan Respublikasının bu prosesdə mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi sahəsində Moldova ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Baş nazirin müavini Vladimir Bolea, Moldovanın Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərinin inkişafına maraq göstərdiyini qeyd edib. Görüş zamanı iki ölkə arasında enerji, nəqliyyat, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq imkanları, Azərbaycandan Moldovaya birbaşa uçuşların sayının artırılması, turizm potensialından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın cari ilin 11 aprel tarixində Bakıda keçiriləcək altıncı iclası və bu çərçivədə təşkil olunacaq biznes forumla bağlı məsələlər müzakirə olunub.
.jpg)
Tərəflər imzalanmış və razılaşdırılma mərhələsində olan müqavilələr, gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıb, Azərbaycan və Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Qeyd olunub ki, qarşılıqlı regional əlaqələrin gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin təşkili, ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqat işlərinin aparılması, aqrar sahədə mütəxəssis hazırlığı, birgə müəssisələrin yaradılması, Moldovanın Azərbaycanın həyata keçirdiyi nəqliyyat infrastrukturu layihələrinə inteqrasiya imkanlarının araşdırılması əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edə bilər.