BAKI, 9 aprel. TELEQRAF

Avropa İttifaqı ümumi idxal xərclərini azaltmaq məqsədilə ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) alışını azaltmağı planlaşdırır.

Teleqraf “Politico” qəzetinə istinadən xəbər verir ki, bu addım Ağ Evin tələblərinə ziddir.

Ağ Ev transatlantik ticarətdə balanssızlığı aradan qaldırmaq üçün Aİ-nin 350 milyard dollara qədər LNG almasını istəyib və bu, ticarət müharibəsinin dayandırılması üçün şərt kimi təqdim olunub.

Qaz alışının artımının qarşısını almaq və yeraltı qaz anbarlarının daha çevik şəkildə doldurulması kampaniyasına Fransa, Almaniya, İtaliya, Avstriya, Macarıstan, Slovakiya və Niderland rəhbərlik edir. Bu ölkələr anbarların doldurulması üzrə hədəf göstəricinin 90%-dən 80%-ə endirilməsini dəstəkləyirlər. Sözügedən dövlətlərə görə, mövcud tələblər Aİ-ni ABŞ-dən, yüksək qiymətə çoxlu qaz almağa məcbur edir.

Litvanın energetika naziri Jıgimantas Vayçyunas qəzetə bildirib ki, qeyri-sabit dövrdə və rəqabət qabiliyyəti uğrunda mübarizə davam etdiyi bir vaxtda, mövcud hədəflərə əməl etməkdənsə, daha çevik yanaşma nümayiş etdirmək lazımdır.

Nazir əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər sənaye tələbatının azalmasına səbəb ola bilər və bu da Aİ üçün ABŞ-dən daha çox LNG almağı çətinləşdirir.

Qeyd edək ki, ABŞ-dən LNG idxalının artırılması ilə bağlı bir müddət əvvəl Aİ və Ağ Ev arasında aparılan danışıqlar nəticə verməyib. İttifaq rəsmilərinin sözlərinə görə, bu danışıqlar heç bir irəliləyiş olmadan dayanıb. Brüssel ABŞ Prezidenti Trampın enerji daşıyıcıları ilə bağlı təkliflərini qiymətləndirməyə çalışsa da və Rusiyadan LNG tədarükünü azaltmaq istəsə də, tez-tez Vaşinqtonun bürokratik maneələri və laqeydliyi ilə qarşılaşıb.

Bundan əlavə, vəziyyəti daha da çətinləşdirən amillərdən biri ABŞ administrasiyasının Aİ-nin ümumi ticarət siyasətində əsas rola malik Brüssellə deyil, ayrı-ayrı Aİ ölkələri ilə birbaşa əlaqə qurmağa üstünlük verməsidir.