BAKI, 8 aprel. TELEQRAF

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) kibermühitdə davamlı təhlükəsizliyin təmin edilməsi məqsədilə “bug bounty” mükafatlandırma proqramına start verir.

Qurumdan Teleqraf-a verilən məlumata görə , ölkədə ilk dəfə dövlət qurumlarının informasiya sistemləri üzrə elan olunan “bug bounty” proqramı GOV.AZ zonasında mövcud boşluqların aşkarlanmasına yönəlib.

Proqram aprelin 15-dən iyulun 31-nə qədər həyata keçiriləcək. Bu müddət ərzində informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, tədqiqatçılar və etik hakerlər GOV.AZ zonasında informasiya sistemlərində texniki zəiflikləri aşkarlayıb hesabat təqdim etməklə mükafat qazanmaq imkanı əldə edəcəklər. Proqram çərçivəsində təqdim olunan zəifliklər risk səviyyəsinə uyğun olaraq qiymətləndiriləcək və müvafiq xallarla dəyərləndiriləcək.

Qeyd edək ki, proqramın sonunda ən çox xal toplayaraq ilk üç yeri tutan iştirakçılar pul mükafatı və sertifikatla təltif olunacaq.