BAKI, 19 mart. TELEQRAF

Novruz bayramı münasibətilə Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında Bahar festivalının (BaharFest) keçirilməsi ilə əlaqədar bəzi xidmətlərin satınalınması ilə bağlı tenderin nəticələri açıqlanıb.

Teleqraf xəbər verir ki, sifarişçisi Naxçıvan Mədəniyyət Nazirliyi olan tenderin qalibi "GREEN MEDİA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti Olub.

Qalib şirkətlə 90 min 922 manatlıq müqavilə imzalanıb. Şirkət festival üçün səhnənin quraşdırılmasını, səs və işıq sisteminin təşkilini, DJ-in iştirakını, eyni zamanda, bir sıra məhşur müğənnilərin Naxçıvan şəhərində konsertinin təşkilini, tədbir iştirakçılarının isə qidalanması, daşınması və digər işləri icra edəcək.

Müvafiq işlərin görülməsinə martın 14-də başlanılıb, aprelin 14-ə qədər isə bitməsi planlaşdırılır.

Qeyd edək ki, tenderin ehtimal edilən qiyməti 132 min 747 manat olub.

Onu da bildirək ki, "Green Media Group" MMC reklam agentliyidir, həmçinin, qrafik dizayn və çap işləri həyata keçirir. Şirkət, 2008-ci ildən fəaliyyət göstərir, direktoru isə Salman Əzizovdur.