BAKI, 18 mart. TELEQRAF

Rusiyanın Maliyyə naziri Anton Siluanov ölkədə genişmiqyaslı özəlləşdirmə prosesinə başlamaq niyyətində olduqlarını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Moskvada keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Nazir qeyd edib ki, Rusiyanın iqtisadi inkişafını təmin etmək üçün yeni strategiyalar hazırlanmalıdır. Siluanov bildirib ki, ötən il qeyri-effektiv aktivlərin müəyyən edilməsi istiqamətində işlər aparılıb və nəticədə böyük bir özəlləşdirmə prosesi üçün təklif hazırlamaq qərarına gəliblər.

“Bizim fikrimizcə, 2025-ci ildə özəlləşdirmə məsələsini gündəmə gətirmək üçün yaxşı zamandır”, – deyə o, vurğulayıb.

Siluanov həmçinin məhkəmə qərarları ilə müsadirə edilmiş şirkətlərlə bağlı da danışıb və bu şirkətlərin satışından təxminən 100 milyard rubl (təxminən 1,2 milyard dollar) gəlir gözlədiklərini bildirib.

Xatırladaq ki, 2023-cü ildə Maliyyə Nazirliyi yeni özəlləşdirməyə ehtiyac olduğunu açıqlamışdı. 2024-cü il özəlləşdirmə prosesi nəticəsində 130 milyard rubl gəlir əldə edildiyi bildirildi.

Qonşu ölkədə ən böyük özəlləşdirmə isə 33 il əvvəl, 1992-ci ilin oktyabrında reallaşıb. Dövlət müəssisələri kütləvi özəlləşdirildi.