BAKI, 17 mart. TELEQRAF

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2025-ci il üçün qlobal iqtisadi artım proqnozunu 3,3%-dən 3,1%-ə endirib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın aralıq iqtisadi hesabatında qeyd olunub.

OECD-nin proqnozlarına əsasən, qlobal iqtisadi artım 2026-cı ildə 3,0%-ə qədər yavaşlayacaq.

ABŞ üçün artım 2025-ci ildə 2,2%, 2026-cı ildə 1,6%, Avropa üzrə müvafiq olaraq 1,0% və 1,2% proqnozlaşdırılır. Çində iqtisadi artımın 2026-cı ildə 4,4%-ə qədər azalması gözlənilir.

Təşkilatın ekspertlərinə görə, ticarət məhdudiyyətlərinin sərtləşməsi, xüsusilə yeni tariflər istehsal və istehlak xərclərini artırır və qlobal iqtisadi mənzərəni risk altına qoyur.

Hesablamalara görə, G20 ölkələrində (Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya, ABŞ və Avropa İttifaqı) inflyasiya gözləntilərdən yuxarı olacaq. Belə ki, bu ölkələrdə ötən ilin dekabrındakı proqnozdan 0,3 faiz bənd yüksək inflyasiya proqnozlaşdırılır. Təşkilatdan hesab edirlər ki, 2025-ci ildə 3,8%, 2026-cı ildə isə 3,2% inflyasiya olacaq.

Qeyd edək ki, OECD 1961-ci ildə ABŞ və Avropa ölkələri tərəfindən qlobal maliyyə sabitliyini qorumaq və dünya ticarətini genişləndirmək məqsədilə yaradılmış beynəlxalq iqtisadi təşkilatdır.