
BAKI, 17 mart. TELEQRAF
Sumqayıt Kimya Sənaye Parkında 2015-2024-cü illər ərzində 13,2 milyard manatlıq məhsul istehsal edilib. 2016-2024-cü illər ərzində isə 4,6 milyard manatlıq məhsul ixrac olunub. Parkda istehsal edilən məhsullar dünyanın 70-dən artıq ölkəsinə satılıb.
Bu barədə Teleqraf-a İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkına sahibkarlar tərəfindən 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən artıq daimi iş yeri yaradılıb.
Bu il Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur. Fəaliyyətə başlayacaq müəssisələr elektrik mühərrikli avtobusların, yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin, tikinti kimyəvilərin, inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Park 613 hektar ərazini əhatə edir.