BAKI, 17 mart. TELEQRAF

Sabah Azərbaycan xalqı İlaxır çərşənbəni qeyd edəcək, qədim adət-ənənələrimizə uyğun olaraq tonqallar qalanacaq, evlərdə bayram süfrələri açılacaq. Bəs İlaxir çərşənbə ərəfəsində Yaşıl bazarda qiymətlər necədir?

Xaricdən gətirilən çərəzlərin qiyməti "əl yandırır"

Bazarlığımıza bayram süfrəsinin bəzəyi olan çərəzlərdən başladıq. Meyvə, qurudulmuş meyvə və çərəzlərin qiymətləri müxtəlif aralıqlarda təklif olunur. Şabalıdın qiyməti 15 manatdan başlayır. Ən bahalı şabalıd isə Qəbələ şabalıdıdır. Bu şabalıd alıcılara 18 manatdan təklif edilir. Fındığın satışı 4-7 manat, qoz isə 10-12 manat arasındadır. Makadamiya fındığı isə astronomik qiymətə-140-150 manata satılır. Ləpəyə gəlincə, 1 kq qoz ləpəsinin qiyməti 17-25 manat, 1 kq fındıq ləpəsi – 15-18 manat, badam ləpəsi isə 20-23 manatdan təklif edilir. İran kişmişi 18, Özbəkistan kişmişi 24-48 manat, Braziliya kişmişi isə 60 manatdan satılır. Yerli kişmişlərin qiyməti 8-12 manat aralığında dəyişir. Püstə növləri arasında İran püstəsi 20-26, Türkiyə püstəsi 32-38 və Özbəkistan püstəsi isə 40 manatdan satılır. Hind qozu 25-30, qabıqlı hind qozu isə 32 manatdır.

25 manatlıq səmənilər

Meyvələrin qiymətləri də əvvəlki illərdən fərqlənir. Almanın qiyməti 3-5 manat, apelsin 3-5 manat, banan isə 3.50 manat ətrafındadir. Süfrədə dekorasiya kimi qoyulan, bir çox hallarda isə yeyilməyən ananasın qiyməti isə 10 manatdan başlayır, 20 manata qədər çatır.

Bayramın simvolu olan səməni də ucuz deyil. Məsələn, buta formasında hazırlanan səməninin satış qiyməti 25 manatdır. Sadə səmənilər isə 2 manatdır. Bununla belə satıcılar bildirirlər ki, səməni və digər Novruz Bayramı aksesuarlarının qiymətləri keçən il ilə müqayisədə ucuzlaşıb.

Quzu əti 22 manatdan,dana 15,50 manatdan satılır

Ət və balıq seqmentində də qiymətlər müxtəlif cürdür. 10 kiloluq quzunun kiloqramı 22 manatdan, dana əti isə 15.50 manatdan təklif olunur. Balıq kateqoriyasına gəlincə... Sazan balığı 12-13, xana balığı 9 və qızıl balıq isə 55 manata satılır. Kənd çolpasına 10, broylerə isə 8 manat qiymət qoyulub.

Novruz yarmarkasında nələr ucuzdur?

Yeri gəlmişkən, bayram bazarlığını bir qədər ucuz başa gəlməsini istəyənlər “Kənddən şəhərə” Novruz yarmarkasına da üz tuta bilərlər. Yarmarkada qiymət aşağıdakı kimidir:

Alma: 0.50 – 2 manat

Qızıləhmədi alması: 2 manat

Armud: 2 manat

Xurma: 1.50 manat

Qoz: 6- 10 manat

Ləpə: 12 - 26 manat

Fındıq: 6 – 8 manat

Fındıq ləpəsi: 14-18 manat

Badam ləpəsi: 15 - 24 manat

Şabalıd: 9 -10 manat

Kişmiş: 7-17 manat

İydə: 6 - 8 manat

İnnab: 5 – 12 manat

Səməni: 1 - 20 manat

Karton xonça: 8 - 12 manat

Şam: 1 - 3 manat

Suvenirlər: 1-5 manat

Qeyd edək ki, rəsmi statistika da bayram ərəfəsi bir sıra spesifik məhsulların dəyərinin bahalaşdığını inkar etmir. Cari ilin fevral ayında əvvəlki aya nisbətən süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, qozun, fındığın, xiyarın, pomidorun, soğanın, kartofun, qara və yaşıl çayın, şokolad məmulatlarının, meyvə şirələrinin qiymətlərində artım müşahidə olunub.

FOTO: Firudin Səlimov