BAKI, 13 fevral. TELEQRAF

Azərbaycan və Özbəkistan arasında Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) strateji əhəmiyyəti və onun inkişaf perspektivləri müzakirə edilib.

Teleqraf xəbər verir ki, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Özbəkistan Nəqliyyat Nazirliyinin və Dəmir Yollarının əməkdaşlarından ibarət nümayəndə heyətinə Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi mühüm tədbirlər, eləcə də ASCO-nun fəaliyyəti barədə geniş məlumat verilib.

Xəzər dənizində Özbəkistan-Azərbaycan nəqliyyat əlaqələrinin genişləndirilməsi, xüsusilə də bərə daşımaları sahəsində yeni imkanlar və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.