BAKI, 10 mart. TELEQRAF

Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində Lənkəran, Astara, Neftçala, Masallı, Cəlilabad rayonlarından olan qadın fermerlərə dəstək göstərilib.

Teleqraf xəbər verir ki, budəfəki dəstək tədbirləri çərçivəsində qiymətləndirmə sorğularına əsasən, 13 fermerə ümumilikdə təsərrüfatlarının ehtiyacları üzrə 7 ədəd yem doğrayan avadanlıq, 2 ədəd süd sağan avadanlıq, 2 ədəd inkubator, 2 ədəd dən üyüdən avadanlıq, 1 ədəd bal süzən avadanlıq təqdim edilib.

Eyni zamanda təsərrüfat sahələrinin inkişaf etdirilməsi məqsədilə fermerlərə quşçuluq və heyvandarlıq mövzularında təlimlər keçirilib.

Qeyd edək ki, AFAQ layihəsi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir.

Bugünədək layihə çərçivəsində 847 fermerə kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərində təlimlər keçirilib. Ümumilikdə 29 region üzrə 299 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.