
BAKI, 3 mart. TELEQRAF
Azərbaycanda istehsalçı şirkət siqareti bahalaşdırıb.
Teleqraf xəbər verir ki, hazırda “Sobranie”, “Winston” və JTİ şirkətinə məxsus digər brendləri lisenziya əsasında “Tabaterra” QSC istehsal edir.
İstehsalçılar bahalaşmanı idxal xərclərinin artımı ilə əsaslandırırlar. Belə ki, tütün məmulatları idxalına xərclər 16% artıb. Bu ilin yanvarında Azərbaycana xarici ölkələrdən 9,6 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu, 2024-cü ilin yanvar ayındakı göstəriciyə nisbətən 1,2 milyon ABŞ dolları və ya 16,1% çoxdur.
Xatırladaq ki, Azərbaycanda siqaretlərin aksiz dərəcələri ötən ilin yanvarında artırılıb. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Belə ki, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.
Hesablamalara əsasən, Azərbaycanda siqaret çəkən 1 milyon 132,8 min kişi, 8 min 56 qadın var. 2023-cü ildə ev təsərrüfatları tədqiqatlarının məlumatlarına görə, ölkədə 15 və yuxarı yaşda olan əhali arasında siqaret çəkən kişilər 31%, qadınlar isə 0,2% təşkil edib.
***
09:25
Azərbaycanda siqaret bahalaşıb.
Teleqraf xəbər verir ki, hazırda market və köşklərdə bir qutu siqaret əvvəlki günlərlə müqayisədə 20 qəpik baha satılır.
Ən çox tələbat olan "Kent" siqareti 4 manat 20 qəpikdən 4 manat 40 qəpiyə, "Sobranie" 4 manat 50 qəpikdən 4 manat 70 qəpiyə, "Winston" isə 4 manatdan 4 manat 20 qəpiyə qalxıb.
Köşklərdə qiymət daha bahadır. Məsələn, "Sobranie" 4 manat 90 qəpiyə təklif olunur. Siqaretlərin market və köşklərdə satış qiyməti arasında əvvəllər də fərq olub.