
BAKI, 27 fevral. TELEQRAF
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda ÜDM artımının 2025-ci ildə 3 faizə, 2026-cı ildə isə 2,5 faizə qədər azalacağını proqnozlaşdırır.
Teleqraf xəbər verir ki, AYİB bu barədə sonuncu hesabatında qeyd edib.
Bank bildirib ki, Azərbaycan iqtisadiyyatı 2024-cü ildə qeyri-neft sektoru və dövlət investisiyalarının təsiri ilə güclü artım nümayiş etdirib.
Ölkədə real ÜDM 2024-cü ildə 4,1 faiz artaraq 2023-cü ildəki 1,1 faizlik göstəricini üstələyib. Qeyri-neft sektoru isə 2023-cü ildəki 3,7 faizlə müqayisədə 6,2 faiz artıb.
AYİB-in proqnozlarına görə, iqtisadi fəallığa real gəlirlərin artması və infrastruktur investisiyaları dəstək verib. Neft-qaz sektoru isə 2024-cü ilin mart ayında yenidən artıma keçib, çünki qaz hasilatı Avropa tələbatını qarşılamaq üçün genişləndirilib.
Eyni zamanda, ölkədə inflyasiya nəzarətdə qalıb və 2024-cü ilin aprelində illik 0 faizlə (son doqquz ilin ən aşağı səviyyəsi) ilin sonunda 4,9 faiz arasında dəyişib. Dövlətin qiymət tənzimləməsi və qlobal ərzaq qiymətlərinin enməsi ölkədaxili ərzaq inflyasiyasının sabitləşməsinə kömək edib.
Mərkəzi Bank (AMB) 2023-cü ilin sonlarında inflyasiya təzyiqlərinin azalmasına cavab olaraq uçot dərəcəsini noyabr 2023-cü ildəki 9 % 2024-cü ilin may ayına qədər cəmi 175 baza bəndi azaldaraq 7,25 faizə endirib və o vaxtdan bəri bu səviyyədə saxlayıb.
Kredit artımının 2024-cü ildə 20 faizi ötməsi fonunda əlavə tədbirlərin zəruriliyini nəzərə alaraq, Mərkəzi Bank 2025-ci ilin martından 0,5 faizlik kontr-tsiklik kapital buferinin aktivləşdiriləcəyini elan edib.
AYİB Azərbaycanda ÜDM artımının 2025-ci ildə 3%-ə, 2026-cı ildə isə 2,5% olacağını proqnozlaşdırır:
“Perspektivdə neft və qaz qiymətləri regiondakı geosiyasi gərginliklərə həssas olaraq qalır. Orta müddətli dövrdə Çini Avropa ilə birləşdirən Orta Dəhliz boyunca ticarət Azərbaycan üçün nəqliyyat və logistika sektorlarında yeni imkanlar yarada bilər. Eyni zamanda dövlət investisiyalarının infrastruktur, kənd təsərrüfatı və müdafiə sahələrinə yönəldilməsi ictimai istehlaka müsbət təsir göstərə bilər”.