
BAKI, 18 fevral. TELEQRAF
"Henley & Partners" tərəfindən nəşr olunan 2025 İnvestisiya Miqrasiya Proqramları Hesabatında Malta investisiya yolu ilə vətəndaşlığı təqdim edən ölkə kimi ardıcıl olaraq 10 ildir lider mövqeyini qoruyur. Türkiyə isə bu sıralamada 7-ci yerdədir.
Teleqraf xəbər verir ki, hesabatda Avropa ölkələrinin investisiya miqrasiyasına üstünlüyü bir daha vurğulanıb. 2025 Qlobal Vətəndaşlıq Proqramı İndeksində Malta 76 xalla birinci, Avstriya 75 xalla ikinci, Qrenada, Antiqua və Barbuda isə müvafiq olaraq 69 və 67 xalla ilk dördlüyə daxil olublar.
Qlobal Yaşayış Proqramı İndeksində isə Yunanıstanın Qızıl Viza Proqramı ilk dəfə liderliyə yüksəlib. 26 proqramın yer aldığı indeksdə Yunanıstan 73 xalla birinci, İsveçrə 72 xalla ikinci, Portuqaliya, İtaliya və Böyük Britaniya isə 70 xalla üçüncü yeri bölüşdürüb.