BAKI, 11 fevral. TELEQRAF

Orta Dəhliz marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötən il ərzində aşırılan yükün ümumi həcmi 7,6 milyon ton olub ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 3,2 faiz çoxdur.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən məlumat verilib.

Qeyd edilib ki, ayrı-ayrı yük növləri üzrə ən böyük artım göstəricisi isə konteynerlərdə qeydə alınıb. Ötən il Bakı Limanı vasitəsilə daşınan konteynerlərin ümumi həcmi 76.775 TEU ekvivaletində olub ki, bu da 2023-cü illə müqayisədə 73 faizdən çoxdur.

2024-cü il ərzində Bakı Limanında qəbul edilən və yol salınan təkərli texnikaların sayı isə 58 169 ədəd olub. Bu əvvəlki illə müqayisədə 7,2 faizlik artım deməkdir.

Ümumi yükaşırmanın 5,3 milyon tondan çox hissəsi, yəni 70 faizi tranzit yüklərin payına düşür.