Rusiya mətbuatı Türkiyəyə ixrac edilən neftin qiymətini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Türkiyə də daxil olmaqla 3 ölkə üçün xüsusi qiymətlər müəyyən edib.

Xəbərə görə, dünyaya 52 dollara satılan Ural neftinin bir bareli Türkiyəyə 38 dollara satılır.

Hindistan, Çin və Türkiyə xaricində digər Avropa ölkələrinə bu qiymət şamil edilməyib. ABŞ-ın embarqosu səbəbiylə gündəlik 400 min bareldən 55 min barelə eniş baş verib. Bu, 88 faiz azalma deməkdir.

Məlumata görə, 2023-cü il yanvarın 6-da Brent markalı neftin bir barelinin qiyməti 78,57 dollar, Rusiyanın Ural markalı neftinin qiyməti isə 37,80 dollara düşüb.

Rusiyanın ən çox ixrac etdiyi Ural və Brent markalı neftin qiyməti arasındakı fərq Ukrayna müharibəsindən sonra tətbiq edilən sanksiyalarla daha da artıb.

Avropa neft bazarını itirən Rusiya qiyməti aşağı salmaqla yanaşı, ixrac üçün Çin və Hindistana da üz tutub. Türkiyə Ural neftinin ən böyük alıcılarından biri kimi önə çıxıb.

2022-ci ildə Türkiyənin Rusiyadan neft idxalı ucuzlaşma səbəbindən iki dəfə artıb.

Son hesabatlara görə, 2021-ci ilin oktyabrında Türkiyənin Rusiyadan 1,1 milyon ton olan neft idxalı 2022-ci ilin oktyabrında 2,2 milyon tona yüksəlib. Analoji dövrdə 26,6 faiz olan Rusiya neftinin Türkiyənin idxalındakı payı 51,7 faizə yüksəlib.

2022-ci ildə Türkiyənin ümumi enerji idxalı 2021-ci ilə nisbətən 91,6 faiz artaraq 97,1 milyard dollara çatıb.