BAKI, 26 sentyabr. TELEQRAF
"Hədəfimiz ilk pilləni tutub “A” liqasına yüksəlməkdir. Ötən mövsüm necə xoş təsir bağışlamışdıqsa, yenə də eyni əzmkarlıqla oynamaq istəyirik".
Teleqraf xəbər verir ki, bu sözləri “Sumqayıt” Basketbol Klubunun baş məşqçisi Vadim Kuramşın yeni mövsüm öncəsi klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, əvvəlcə komandanın hazırlıq mərhələsindən danışıb: “Doğrusu, hazırlıq mərhələsinə bir qədər gec başladıq. Elə indinin özündə də komanda tam heyəti ilə məşq etmir. 2-3 gündən sonra daha bir yeni transferimiz məşqlərə qoşulacaq. Amma istənilən halda, hazırda məşqlərimiz qaydasında gedir”.
Kuramşın “Sumqayıt”ın yeni mövsümdəki hədəflərindən də danışıb: “Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq. Doğma şəhərimiz Sumqayıtın adı üçün var qüvvəmizlə mübarizə aparacağıq. Hərçənd, müəyyən səbəblərdən ötən mövsüm çox yaxşı oynayan legionerlərimizi geri qaytara bilmədik”.
O, sonda azarkeşləri də yeni mövsümdə komandaya dəstək olmağa çağırıb: “Sumqayıtlı fanatları mütləq oyunlarımızda gözləyirik. Onlar ötən mövsüm bizə çox yaxşı dəstək verdilər. Basketbolçularımız onların sevimlisinə çevrildi. Ümid edirəm ki, yeni heyət ötən mövsümdəkindən zəif olmayacaq”.