BAKI, 22 sentyabr. TELEQRAF

“Gələcəkdə bu istiqamətdə bilik və bacarıqların inkişafı üçün əməkdaşlığımız mühümdür. Bu memorandumdan sonra birgə layihələrimizin sayı artacaq”.

Teleqraf xəbər verir ki, bunu Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva deyib.

O, Avropa Su İdmanı Federasiyası (EA), Azərbaycan Üzgüçülük Federasiyası (ASF), Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADAU) arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandumun bu idman növünün birgə inkişafında önəmli rol oynayacağını qeyd edib: “Bu əməkdaşlıq çərçivəsində bir sıra tədbirlərin keçiriləcəyi nəzərdə tutulub. Bugünkü memorandum bizim üçün olduqca vacib hadisədir. Üzgüçülüyün gələcək inkişafı üçün bizə elmi tədqiqatlar lazımdır. Bizim üçün bu Memorandumdan irəli gələn bir çox təşəbbüslərin icrasında tədqiqat qrantlarının verilməsi vacib rol oynayır. Həm magistratura, həm də doktorantura tələbələrinə bu qrantları verməklə onların üzgüçülüyün inkişafına təkan verməsinə şərait yaradacağıq. Bu istiqamətdə ən yaxın tədbir noyabrda keçiriləcək. 20 ölkədən 50-yə yaxın idmançının Bakıda tədbirdə iştirak edəcəyi gözlənilir. Həmçinin, Gənclər və İdman Nazirliyi ilə də əməkdaşlığımız davam edəcək”.