BAKI, 15 iyul. TELEQRAF

2028-ci ildə Los-Ancelesdə (ABŞ) keçiriləcək Yay Olimpiya Oyunlarının tam cədvəli açıqlanıb.

Teleqraf olimpiadanın rəsmi saytına istinadən xəbər verir ki, idman tədbirləri iyulun 12-də futbol matçları da daxil olmaqla, birinci təsnifat mərhələləri ilə başlayacaq.

Açılış mərasimi iyulun 14-də olacaq. Ertəsi gün - iyulun 15-də triatlon, qılıncoynatma, cüdo, atletika, reqbi yeddiliyi, atıcılıq və kanoe slalom kimi idman növləri üzrə ilk medal dəstləri təqdim olunacaq.

Boks yarışı 15 - 23 iyulda, finallar isə 27 - 30 iyulda keçiriləcək.

Cüdoda mübarizə iyulun 15-dən 22-dək “LA Convention Center Hall”da baş tutacaq.

Olimpiadanın final günü, iyulun 30-da yüngül atletika, boks, basketbol, trek velosipedi, üzgüçülük, güləş və voleybol üzrə həlledici yarışlar keçiriləcək. Həmin gün olimpiadanın bağlanış mərasimi də baş tutacaq.