Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn siyasətə yeni mərhələnin liderlərindən biri olmağda iddialıdır. O, müxalifətin “həmrəylik” adı altında birləşməsini məqbul hesab etdiyini deyib. "Azərbaycan Naminə Həmrəylik" adı altında yeni birliyin yaradılmasını vacib sayan P.Hüseyn ictimai fikrin də buna hazır olduğunu bildirib.

“İdeya təkcə mənə aid deyil, bu günə kimi bir sıra müxalifət partiyaları ilə də danışıqlarımız davam edir. Mənim iddiam yeni yarana biləcək müxalifət birliyinin liderlərindən biri olmaqdı. Buna mənim təcrübəm imkan verir”, - P.Hüseyn bildirib.

Pənah Hüseyn yeni yaradılacaq qurumda Milli Şura və AXCP-nin də təmsil olunacağı ehtimalı haqda danışıb:

"Kimlərlə danışıqlar apardığımız barədə hələ ki, bir açıqlama vermək istəmirəm. Çünki ortada ciddi bir şey yoxdur. Milli Şura və AXCP-yə gəldikdə isə müxalifətin bütün qüvvələri ilə əməkdaşlığa hər zaman hazırıq”.

Qeyd edək ki, P.Hüseyn bu günə qədər müxalifətin bir neçə birliyinin ideoloqu qismində çıxış edib. Onun təşəbbüslü, iştirakı ilə yaradılan birliklər müəyyən müddət ərzində fəaliyyət göstəsə də, sonradan parçalanıb. Hazırda Azərbaycan müxalifətinin parçalandığını, bir-birindən xeyli uzaqlaşdıqlarını nəzərə alsaq P.Hüseynin təklifi bir çoxları üçün cəlbedici görünə bilər. Amma müşahidələr göstərir ki, siyasi partiyalar arasında qarşılıqlı inamsızlıq var, "birlik-birlik oyunu"ndan yorulmuş, bezmiş kimi görünürlər.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, AXP sədrinin ideyasına müsbət yanaşmaq lazımdır: "Əsas məsələ odur ki, Pənah Hüseyn liderliyi bacaracaqmı? Şəxsən mən onun təklifini dəstəkləsəm də, liderlik keyfiyyətlərinə şübhə ilə yanaşıram. Çünki tolerantlıqdan uzaq adamdır, səbrsizdir. Əgər o, bu cür qüsurlarından qurtula bilsə, həqiqətən də yeni mərhələnin lideri ola bilər. Amma bu gün müxalifətin həmrəy olması üçün şərait yoxdur. Azərbaycandakı bütün partiyalar Azərbaycan naminə həmrəy kimi görünürlər. Ən azından partiya sədrləri dəfələrlə vurğulayıblar ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, Dağlıq Qarabağ münaqişəsi, xarici siyasət məsələsində ciddi fikir ayrılığı yoxdur. Amma daxildə elə məsələlər var ki, bu, birliyə imkan vermir. Problem bundadır. Bəzi siyasi partiyalar arasında körpülər yandırılıb, eyni koalisiyada olmaq üçün imkanlar tükənib və s".

S.Cəlaloğlu hesab edir ki, əgər P.Hüseyn siyasətdə yeni mərhələ yaratmaq istəyirsə, siyasi partiyalarla intensiv danışıqlara başlamalıdır.

Ayxan