Vətəndaş Həmrəyliyi Partiyası İranda baş verənlərlə bağlı bəyanat yayıb.

Teleqraf.com-a daxil olan bəyanatda bildirilir:

"Noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə” adlı komediya verilişində diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağının təsvir edilməsi Azərbaycan türklərinə qarşı münasibətin bariz nümunəsidir.

Bir komediya verilişində türklərin bu cür aşağılanması təsdiqləyir ki, türklər düşünülmüş surətdə aşağılamaq, onlar haqda barbar təsəvvürü yaratmaq çabaları davam etməkdədir. 1925-ci ildə min illik türk xanədanına son verməklə ələ keçirdikləri hakimiyyətin "ari irq” illuziyası - nasistlərin ideoloji dəstəyi ilə qurduğu Pəhləvinin sistemi indi də islam pərdəsi altında yürütməkdədirlər.

Bu, İran kütləvi informasiya vasitələrində ilk belə təhqir deyil. Zaman-zaman türklərin guya şəhərə gəlməsi ilə "insana döndükləri” və yaxud onların hansısa heyvanla müqayisəsi daimi siyasətin - türkləri aşağılamaq, təhqir etmək, onları dövlət idarəetməsindən ayırmaq, təhsilsiz qoymaq siyasətinin tərkib hissəsidir.

Türklərin ana dilində təhsil almasına imkan verməyən, onların dövlət idarəçiliyində iştirakını məhdudlaşdıran, milli varlıq kimi türkləri yox etmək istəyənlər anlamalıdır ki, İrandakı 16 milyonluq fars 40 milyonluq türkü assimilyasiyaya məruz qoya bilməz. Min il İranı idarə edən, dünyada 150 dövlət, 18 imperiya quran, hazırda dünyada 7 müstəqil dövlətə, 30-dan artıq muxtar quruma sahib 300 milyondan artıq bir etnosu bu şəkildə aşağılamaq İrana başucalığı gətirməz.

VHP olaraq indiki İran hökumətindən bu aşağılayıcı, təhqiramiz siyasətini dayandırmasını, Azərbaycan türklərinə ana dilində təhsil alması, mədəniyyətini açıq şəkildə təbliğ etməsi üçün şərait yaratması tələb edirik.

Ayxan