BAKI, 3 iyul. TELEQRAF
Masallı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnib.
Teleqraf xəbər verir ki, qəza axşam saatlarında Masallı–Yardımlı avtomobil yolunun Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayevin idarə etdiyi "Mercedes" markalı avtomobil Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi digər "Mercedes" markalı avtomobillə toqquşub.
Toqquşmanın təsirindən Rusif Babayevin idarə etdiyi nəqliyyat vasitəsi yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində elektrik dirəyi bir neçə hissəyə parçalanıb.
Hadisə zamanı sürücü Rusif Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər – 33 yaşlı Pərvin Əliniyaz oğlu Həsənov, 23 yaşlı Fərid Fərahim oğlu Qasımov və 34 yaşlı Araz Telman oğlu Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, Araz Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, qəza nəticəsində ölənlərin sayı iki nəfərə yüksəlib.
Yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.