BAKI, 16 dekabr. TELEQRAF

Biləcəri qəsəbəsi Tomris küçəsində magistral tullantı su kollektorun üzərində inşa edilmiş tikinti və bu səbəbdən baş verən kollektor çöküntüsü ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, qeyd olunan ünvanda vətəndaşların fərdi yaşayış evləri diametri 1000 mm olan tullantı su kollektorunun mühafizə zolağında deyil, birbaşa üzərində inşa edilib.

"İki gün öncə, həmin çöküntü baş verən zaman rayonun sukanal idarəsi əraziyə baxış keçirib, mövcud durum dəyərləndirilib. Həmçinin ünvana gələn Fövqəladə Hallar Nazirliyinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və sukanal idarəsinin rəhbərliyinin iştirakı ilə mövcud durumla bağlı akt tərtib olunub. Vətəndaşlara bu vəziyyətdə yaşamağın təhlükəli olduğu və yaşayış yerlərini tərk etmələrinin vacib olduğu barədə yazılı surətdə xəbərdarlıq edilib. Mövcud durum dəyərləndirildikdən sonra müəyyən olundu ki, artıq həmin kollektorun bərpası qeyri-mümkündür. Bu səbəbdən yeni layihə hazırlanıb və layihənin icrasına başlanılıb", - deyə bildirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən deyilib ki, sözügedən evlər uzun illər əvvəl tikilib: "Tomris küçəsində çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlər davam etdirilir".

***

13:46

Ötən gün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsində bünövrəsi çökmüş fərdi yaşayış evləri uçub.

Teleqraf xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, həmin mənzillər magistral kanalizasiya kollektorunun üzərində inşa edilib.

Son günlər davam edən yağıntılı hava şəraiti səbəbindən kollektorda suyun səviyyəsi yüksəlib və ərazidə çökmə baş verib.

Sakinlər iddia edir ki, kollektorda deformasiya səbəbindən çirkab su torpaq qatına axıb, bu da ərazinin çökməsinə səbəb olub.